Hər  sətrində bir elin, bir  mahalın, Böyük vətənimizin kiçik hissəsi hesab olunan, əslində isə hər birimiz üçün daha böyük və sevimli hesab etdiyimiz, hər cığırında ayaq izimiz qalan obaların, bu obalarda gün-güzəran keçirən tayfaların oxunmamış neçə-neçə gizli tarixi var. Min bir əzab-əziyyətlə toplanmış, misralanmış, sətirlərdə sıralanmış bu mətn bir böyük elin – tayfanın tarixi, müqəddəs ruhları qarşısında hər zaman borclu qaldığımız ulu baba və nənələrimizin, eləcə də şəhidlərimizin şərəfli ömür yoludur.Qasımuşağı tayfasının nəsil səcərəsi 2

Avropalaşmanın vüsət aldığı bir vaxtda milli mənəvi dəyərləri və özünəməxsusluğu qoruyub saxlamaq getdikcə daha da çətinləşir. Milli ruhun, milli mentalitetin qorunub saxlanılması, həmçinin xalqımızın etnogenezisinin müxtəlif aspektləri, ayrı-ayrı tayfaların, yaşayış məntəqələrinin adlarının mənası, tayfaların yayılma arealının müəyyənləşdirilməsi işinə bizlərin hər biri yardımçı olmalıyıq.

Qeyd edək ki, Azərbaycanda ən qədim kökə malik olan tayfaların tarixi barədə bu günə qədər müfəssəl bir məlumatın olmaması üzündən hər zaman gənc nəsil bir çox həqiqətləri öyrənməkdən məhrum olmuşdur. Bu tayfaların yaşadıqları ərazilər daima döyüş meydanı, mübarizə meydanı olmuş, onlar belə döyüşlərə, belə hücumlara dəfələrlə məruz qalsalar da, mərdi-mərdanə bu hücumlara sinə gərmişlər. Talan-qarat olunan el-obalar, qəbilə-tayfalar tarixin süzgəcindən alnıaçıq, illərin sınağından üzüağ çıxmış, tarixini, mədəniyyətini, adət-ənənəsini,  dilini, əsl-kökünü qoruyub saxlamışdır. Zaman-zaman qaim-qədim tayfalar haqqında olan gerçək məlumatlar nə qədər təhrif olunsada, sonda tayfa üzvləri tayfalar haqqında gerçək məlumatı qoruyub saxlamış, nəsildən-nəsilə ötürmüşlər.

Tariximizi yaşlı nəslin – ağsaqqal və ağbirçəklərin söhbətlərinə qulaq asa-asa öyrənməyə çalışırıq. Ata-babalar yeni nəslə “hər bir kəs yeddi arxadönənini tanımalıdır” ideyasını unutmamağı tapşırsada son dövrlər bu fikir tam unudulmuş və az qala tamamilə yaddan çıxmışdır. Əgər bu ideya xatırlanarsa, bax, həmin an hər birimizin qarşısında belə bir sual durar: “Mənim ulu babam, ulu nənəm kimdir, qohum-əqrabalarım kimdir, köküm, əcdadım kimlərdəndir, axı mən kiməm?”.

Hələ uşaq olarkən bu növ sualları yaşlı nəslin nümayəndələrinə – ağsaqqal və ağbirçəklərə ünvanlayan zaman onlar “Biz Təkə-Türkmanıq, bala” – deyə cavab verərdilər. Çar və Sovet Rusiyası dönəmində qəsdən kimliyimiz araşdırılmamış, təhrif edilən bu cür mövzular istiqamətində araşdırmalar aparılması mümkün olmamış və yaxud da buna icazə belə verilməmişdir. Bu gün isə bu mövzunu araşdırmaq üçün olduqca əlverişli şərait yaransa da bu günkü nəsil üçün bu iş bir xeyli çətinləşib. Buna səbəb isə murdar xislətli erməni qonşularımızın Azərbaycana və azərbaycanlılara qarşı apardığı müharibə nəticəsində öz daimi yaşayış yerindən dərbədər (didərginmi deyim, məcburi köçkünmü çağırım – söyləməyə dilimdə gəlmir!) salınmasıdır.

Mənbələrin müqayisəli təhlili göstərir ki, “təkə-türkman” və yaxud sadəcə “türkman”lar İraqda yaşayan azərbaycanlılar, yəni kərküklülərdir. Qeyd edək ki, bu günkü müasir dövrdə belə kərküklər özlərini də, azərbaycan türklərini də (azərbaycanlıları da) türkman adlandırırlar. İraq türkman alimləri də daxil olmaqla bütün tədqiqatçılar “türkman” etnonimindən danışarkən onun “ulu türk”, “xalis türk”, “əsl türk” mənasında işləndiyini sübut edirlər. İndinin özündə belə ədəbi dilimizdə və İraq türkman ləhcəsində işlək olan azman, qocaman, orman, ataman, şişman, və digər buna bənzər kəlmələrdə “man”ın “ulu”, “böyük”, “əzəmətli” anlamında işlənməsi dediklərimizi təsdiqləyir.

Azərbaycan dilində ensiklopedik informasiya bazalarından ən mükəmməli olan “Azərbaycan Sovet Ensiklopediyası”nda qeyd edilir ki, Türkmanlar (İraq azərbaycanlıları və ya İraq türkləri) — İraqın şimalında yaşayan türk etnosudur. Ad oxşarlığına baxmayaraq türkmanlar mənşə baxımından Orta Asiya türklərinə və türkmənlərə deyil, azərbaycanlılara yaxın olub, Oğuz türklərindəndirlər.

Onuda qeyd edək ki, Təkə-türkman söz birləşməsində işlənən “təkə” sözü də türkmanlara aid olmaqla Təkə-türkman tayfasının bir qolu olan təkəlilərlə bağlıdır. Səfəvilərin hakimiyyəti dövründə dövlətin siyasi işlərində mühüm rol oynayan təkəlilərin bir hissəsi mərkəzi hakimiyyətə qarşı çıxdığına görə 1596-cı ildə I Şah Abbas tərəfindən məhv edilmiş, qalanları isə Azərbaycanın müxtəlif yerlərinə köç etməyə məcbur olmuşdur.

Yaşlı insanlar nəql edirlər ki, altı əsr bundan əvvəl (XV əsrdə) tanınmış soylardan (nəsildən) olan iraq türkündən (kərkükdən) Abdulkərim və Abduləzim adlı iki qardaş hər il yazda, öz mal-qarasını götürüb, yayın cansıxıcı istisindən xilas olmaq məqsədi ilə indiki Qasımuşağı obasının ərazisindəki sərin yerlərə, yurdlara köçürdülər. Payıza dönəndə isə yenidən geriyə öz yaşayış məskənlərinə dönərdilər. Xeyli müddət sonra fasiləsiz müharibələr bu tayfanı burada həmişəlik məskən salmağa məcbur etdi. Qasım bu iki tanınmış qardaşlardan (kərküklərdən) birinin, Abdulkərimin oğulu idi. XVIII yüzilliyin əvvəllərində Kürdhacı, Şəlvə, Hacısamlı, Şamkənd, Ələkçi, Çorman, Qarasaqqal, Araxış və digər kənd və şenliklərində daimi yaşayışın bünyadını qoyan insanlar Qasımın törəməsi hesab edilirlər. Nəticədə onların məskunlaşdıqları ərazi ümumilikdə Qasımuşağı obası (Qasımuşağı dərəsi) adlandırılırdı ki, bu da Qasımın uşaqları, Qasımın nəsilinin məskunlaşdığı yer mənasını daşıyır.

XVII əsrin sonu-XVIII əsrin əvvəllərində isə Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhrana uğradığı üçün ölkədə yaranmış vəziyyət əhalinin bütün təbəqələri arasında haqlı narazılığa səbəb olurdu. Bu narazılıqları aradan qaldıracaq bir başçıya ehtiyac duyulan zaman Nadir şah Əfşar özünü şah elan etdi. Qasımuşağı tayfası Nadir Şahın dönəminə qədər tam sərbəst-sayıl bir yaşam tutmuşdu. Tayfa üzvlərinin bir hissəsi yayda yaylağa, qışda qışlağa köç edər, heyvandarlıqla məşğul olardı. Daimi yaşayış yerlərində birgə yaşasalar da yazın əvvəllərindən yaylağa köçəndə alaçıq quran zaman birgə deyil, iki və yaxud üç ailə bir yurda düşərdi. Beləliklə xudmani həyat yaşayan tayfa üzvləri payızın sonlarında— Arana qayıdan zaman digər elliləri ilə ünsiyyət qurardı.

Bir-birinin ardınca parlaq qələbələr çalan Nadir Şah Əfşar Hindistan yürüşlərindən qələbə ilə geri dönən zaman Xorasanda bir çox tayfalar Nadir şahı şah kimi tanımadıqlarını bildirdilər və hətta ona qarşı müqavimət göstərdilər. Bundan hirslənən Nadir şah Əfşar ona qarşı çıxan əyanları tayfa üzvləri ilə birlikdə Qarabağa, Şirvana, Naxçıvana və İrəvana köçürdü. Həmin dövrdə Nadir şahla qohumluq əlaqəsi olan Qasımuşağı tayfasının əsas hissəsi Cənubi Azərbaycanın Xorasan əyalətində binə qurmuş və Nadir şah Əfşarı şah kimi qəbul etməklə yanaşı ona dəstək verərək yaşayışlarını davam etdirirdilər.

Ancaq bu çox sürmədi. Bir müddət sonra Nadir şahın apardığı mərkəzləşdirmə siyasəti feodal əyanlarının maraqlarına toxunduğundan sarayda sui-qəsd ab-havası yetişdi və beləliklə, 1747-ci ilin iyununda gecə Nadir şah öz çadırında qətlə yetirildi. Bu hadisədən sonra müharibələrin səngimədiyini görən Qasımuşağı tayfasının başbilənləri Xorasan əyalətindən indiki Azərbaycanın müxtəlif yerlərinə — Cənub bölgəsinə, Qarabağa və Naxçıvana (İrəvanla sərhəd bölgəsinə) köç etməyə başladılar.Qasımuşağı tayfası Xorasanda binə quran zaman Şadlı, Qarabağa köç etdikdən sonra isə Qaraçorlu tayfa birliklərinin tərkibində duruş gətirmişdi. Qarabağa köç etdikdən sonra digər tayfalar kimi  Qasımuşağı tayfası tamamilə itaətdən çıxaraq heç bir xəzinəyə vergi ödəmirdilər. Siyahıya alma zamanı sığınacaq yaxınlığında yaşadıqlarından sığnacağa çəkilib gizlənər və siyahıya alma qurtardıqdan sonra yaşayış yurdlarına dönərdilər. Bu səbəbdəndə siyahıya alma zamanı Hacısamlı nahiyyəsinin, o cümlədən Qasımuşağı obasının kəndlərində bir çox halda heç kimin yaşamadığı qeyd olunur, yaxud da əhalinin az bir hissəsi göstərilirdi. Səfəvilər dövlətinin IX hökmdarı Şah Sultan Hüseynin qoyduğu ağır vergi şərtləri və XVIII əsrin 20-ci illərində baş vermiş osmanlı – səfəvi müharibələri nəticəsində Qarabağda yaşayan tayfalar xəzinəyə vergi ödəməmək üçün bu cür üsullara əl atırdı. Bəzən isə buna səbəb heyvandarlıqla məşğul olan əhalinin payızın ortalarından baharın əvvəllərinə qədər qışlağa – Aran Qarabağa, qalan vaxtı isə yaylağa — Qırxqız və Dəlidağa köç etməsi olurdu. Əhalinin cüzi bir hissəsi isə daimi yaşayış yerində gün-güzaran keçirərdi. Məsələn: 1727-ci ildə Qasımuşağı obası Xaçın sancağının Xaçın nahiyyəsinin tərkibində yerləşmiş və siyahıya alma zamanı kəndlərin çox hissəsində heç kimin yaşamadığı qeyd edilmişdir. 1827-ci ildə isə Xaçın məlikliyinin Mağavuz nahiyəsinin tərkibində qərar tutan Qasımuşağı obasının kəndlərində dövlət tərəfindən aparılan siyahıya alma zamanı obada cəmi 60 ailənin (300 nəfərin) yaşadığı qeyd edilir. Araşdırmalar aparan zaman məlum olur ki, siyahıda olanlar orada yaşayan əhalinin çox az bir hissəsidir.

Qarabağ ərazisində özünü xan elan edən Pənahəli xan tez bir zamanda tayfaların itaətsizliyinə son qoydu. Əvvəlcə tayfa üzvləri müqavimət göstərsələr də sonda “bu hənanın o hənadan olmadığını” başa düşüb xanlığa tabe oldular.

Qarabağ bəylərbəyliyinin süqutu, Qarabağ xanlığının təşəkkül tapdığı bir dövrdə Qasımuşağı tayfası tərəfindən köhnə dədə-baba yurdunda yenidən ilk daimi yaşayış məntəqəsini bərpa edən Şirin bəy Hüsən (bəzi mənbələrdə Hüsam) bəy oğlu olmuşdur. Xorasan əyalətində səngimək bilməyən qarət və müharibələr Şirin bəyə Xorasandan köçüb Hacısamlı nahiyyəsindəki dədə-baba yurd yerlərində məskunlaşmağa qərar verdirdi.

Şirin bəy Məşhəd civarında dünyaya göz açmışdı. Əvvəlcə Hacısamlı nahiyəsinin Ərdəşəvə və Vağazin torpaqlarında binələmişdi. Hacıxanlıda (sovet dönəmində Zorkeşiş adlandırıldı) məsкunlaşmağa çalışan qеyri-müsəlmanlar Şirin bəyin tayfasına кorluq vеrmiş, mal-hеyvanını örüşə buraxmamışdı. Sonda Şirin bəy öz qohumlarını başına toplayıb, zorкеşişliləri (qeyri-müsəlmanları) oradan qovub-çıxarmışdı. Кöməyə gələn yaxın qohumluq əlaqələri olan Kavanlı tayfasına bir xеyli torpaq bağışlamışdı. Bundan sonra Qasımuşağı tayfasının digər tirələri də bu bölgədə oturaq yaşam keçirməyə qərar verdi.

Tarixi mənbələrdə araşdırmalar aparan zaman aydın olur ki, bu tayfa Qasımuşağı tayfası kimi tam formalaşmamışdan öncə Babadinli (bəzən Babadünlü) tayfa adını daşımış və ya həmin tayfanın bir qolu olmuşdur. Yaşlıların söyləməsindən aydın olur ki, Babadin sözü “dinə inananların alisi”, “əsl dinə inananlar”, “əvvəldən, qədimdən dinə inananlar” mənasını ifadə edir, “baba” və “din”  sözlərinin birləşməsindən əmələ gəlmiş mürəkkəb sözdür.  Burada “baba” ulu, böyük, ali, uca mənasındadır. Tayfanın Kavanlı tirəsi qədim Babadin tayfa adını yaşatmaq, əbədiləşdirmək məqsədi ilə Hacısamlı nahiyyəsinin ərazisində əsası qoyulmuş Babadin kəndinin adında yaşatmağa çalışmışlar.

Qasımuşağı tayfasının tarixi köklərini araşdıran tanınmış filoloq Əli Umud oğlu Əliyevə görə bu tayfa tirələri ilə birlikdə Qaraqasımlı qəbiləsidir. Təkə-türkman soylu bu tayfa “Təkəli” və yaxud “Türkman” tayfasının bir qolu olmaqla əslən Təkə-Türkman mahalındandırlar. Təkə-türkman mahalı haqqında Koroğlu dastanının “Koroğlunun Türkman səfəri” qolunda məlumat verilir. Qeyd edim ki, Koroğlu yarı mistik xalq qəhrəmanı olsa da onun real həyatda təxminən XIV əsrin axırı – XV əsrin əvvəllərində yaşadığı güman edilir.

Bir çoxları isə səhvən Qasımuşağı tayfası deyərkən tayfa adının Qasım Hacı Sam oğlunun adı ilə adlandırıldığını düşünür və yalnız Qasım Hacı Sam oğlunun törəmələrini (hacısamlıları) Qasımuşağı tayfasının üzvləri hesab edir. Əslində isə bu belə deyil. Qeyd edək ki, Qasımuşağı tayfasının ulu babası Qasım (Qara Qasım) Abdulkərim oğludur və tayfa aşağıda göstərilən tirələrdən ibarətdir:

Qasımuşağı tirəsinin ulu  babası Qasım Hacı Sam oğludur. Qasımuşağı tayfası Qurdqajı (indiki Кürdhacı),  Birinci Çorman, İкinci Çorman, Bozdoğan, Araxış, Aşağı Qarasaqqal, Hacısamlı şеnliкlərini salmışdılar. Onu da qeyd edək ki, məhz Hacısamlı kəndi və Hacısamlı nahiyyəsi Hacı Sam İslam oğlunun şərəfinə onun adı ilə adlandırılmışdır.

Qarabayramlı tirəsinin ulu  babası Qara Bayram Şəvə oğludur. Qarabayramlı tayfası Şəlvə, Qabaqtəpə-Daşlı, Кalafalıq-Daşlı, Canıbəyli, Narışlar, Vəlibəyli, Budaqdərə, Hacıxanlı, Qovuşuq, Кaha кəndlərini yaratmışdılar.

Əhməduşağı tirəsinin ulu babası Əhməd Qara Bayram oğludur. Əhməduşağı tayfası Ələkçi, Arxaş yeri, Doqqazlı, Şamkənd, Yuxarı Qarasaqqal şеnliкlərini salmışdılar.

Kavanlı tirəsinin ulu babası Kavan İslam oğludur. Mənbələri araşdırarkən məlum olur ki, hacısamlıların, qarabayramlıların və əhməduşağının Xorasan əyalətindən Qarabağa köç etməsindən əvvəl Kavanlı tayfası artıq Zəngəzurda, Şərur-Dərələyəz (bəzi mənbələrdə Şərur-Daralagöz) tarixi vilayətinin dağlıq hissəsi olan Dərələyəz (Daralagöz) mahalında binə bağlamış, yer-yurd sahibləri idilər. Kavanlı tayfası Hacısamlı nahiyyəsinin ərazisində Bülüldüz, Ayıbazar, Birinci Tığik, İkinci Tığik, Birinci İpəк, Yuxarı İpək, Orta İpək, Zəkir, Babadin, Qarakişilər, Palçıqlı, Dərə kənd şеnliкlərinin bünyadını qoydular. 1970-ci illərin sonu 1980-ci illərin əvvələrində Orta İpək, Zəkir, Babadin, Qarakişilər, Palçıqlı, Dərə kənd yaşayış məntəqələrində artıq yaşayışa son qoyulmuşdu. Bu yaşayış məntəqələrinin xarabalıqları son dövrlərə qədər qalmaqda idi.

Türk xalqlarının tarixinə nəzər salsaq görərik ki, müharibə və başqa səbəbdən bu xalqlar yaşayış yerlərini dəfələrlə dəyişmiş, yaşadıqları ərazilər kiçilib-böyümüş, dini dəyişmiş, ancaq dəyişməyən bir şey vardır ki, o da bu xalqın dili olmuşdur. Qasımuşağı tayfası da müxtəlif dövrlərdə bir-birindən fərqli bölgələrdə, müxtəlif xalq və millətlərlə qonşuluq şəraitində yaşasalar da öz doğma dilini unutmamışdır.

Qasımuşağı tayfası Azərbaycan türkçəsinin bədii dilinə çox yaxın dildə danışan tayfalardan biridir. Bu tayfa  çox tipik bir türkman tayfası xüsusiyyətlərini qoruyub saxlamış və özündə daşıyır. Yaxınlıqda yaşayan digər tayfalara nisbətən nümunə göstəriləcək  şəkildə çox təmiz və gözəl bir azərbaycan türkçəsində danışırlar. Qeyd edim ki, tayfa üzvləri xeyli müddət Xorasan bölgəsində dövran sürsə də nə fars, nə də kürd dilində olan sözlər və ya kəlimələr bu tayfanın dilində mövcud deyildir.

Qasımuşağı tayfasının tayfa üzvləri islam dininə etiqad edirlər. Bu tayfa islam dininin şiə təriqətinə mənsubdurlar.

Camaat arasında bu tayfaya məxsus müxtəlif adət-ənənələr, deyimlər, kəlamlar, inanclar, baməzə söyləmələr mövcud olmuşdur. Əkin-biçin işlərində, xeyir-şər mərasimlərində “hov” təşkil edilər, toxuculuq işləri və digər vaxt tələb edən işlərdə “iməci” gedilərdi.

Əhali arasında maraqlı adətlərdən biri də uşağa ad qoyulması məsələsidir. Yeni doğulmuş uşağın adını ata-ananın adına uyğunlaşdırmaq, həmçinin baba-nənənin, əmi-dayının sağlığında onların adının anadan olmuş uşağa verilməsi, həmin adın yaşadılması çox yayılmış və bu gündə davam edən bir ənənədir.

Tayfa üzvləri əsasən heyvandarlıqla, toxuculuqla, qismən isə əkinçiliklə məşğul olurdu. Yatağı, yaylağı, əkənəcəyi, biçənəyi, məzrələri var idi. Yay aylarında yaylaqda mal-qara saxlayıb onun  məhsullarını emal edir, yaylağa qalxmayan tayfa üzvləri isə əkin-biçinlə məşğul olar, xalça və xalça məmulatları toxuyar, qırmızı palıddan, armuddan, cökədən və vələsdən müxtəlif məişət əşyaları və qurğuları hazırlayırdılar. Taxta qab-qacaq, o cümlədən təhnə, tabaq, nehrə, cəhrə, çanaq, qollu tərəzi, yun darağı (yun daramaq üçün), hana (xalça toxumaq üçün), yer hanası (şəddə, örkən toxumaq üçün) belə əşyalara misal ola bilər. Sovet dönəmindən öncə məskunlaşdığı ərazilərdə yaxşı qışlağı olmayan Qasımuşağı tayfası üzvlərinin xeyli hissəsi payızın sonlarında öz heyvanları ilə Aran Qarabağa köç edir, dağda qalan tayfa üzvləri xışla yer şumlayır, bağ-bostan işləri ilə, mövsümi peşə olan duz daşımaqla, kömür yandırmaqla və arıçılıqla məşğul olurdu. Əkinçilər buğda, arpa, çovdar, pərinc, darı əkər, əldə edilən dən obanın ərazisində olan dəyirmanlarda üyüdülərdi. Meşədə bitən cır meyvə və giləmeyvələrdən meyvə qurusu (qax) hazırlanır, müxtəlif məqsədlər üçün istifadə edilirdi.

Tayfa üzvüləri heyvandarlıqla məşğul olduğundan dağa-arana getməli olur, bəslənən heyvanları və hazır məhsulları (heyvandarlıq məhsulları, arıçılıq məhsulları, xalça, xalça məmulatları, qab-qacaq, təsərrüfat alətləri və s.)  aran zonasındakı şəhərlərə (bazarlara)  çıxarılaraq ehtiyac hiss edilən ərzaq və qeyri ərzaq məhsulları ilə al-dəyiş edilər, yaxud da nağd pula satılardı. 1905-1907-ci il hadisələrinə qədər belə məhsulları Gorus və Qarakilsə bazarlarına da çıxarardılar. Sovet hakimiyyəti illərində isə belə məhsullar əsasən Şuşa, Ağdam, bəzən isə Bərdə şəhərində yerləşən bazarlara çıxarılırdı.

İstehsal edilən yun, pambıq, ipək iplərdən xalça, kilim, palaz, fərməş, xurcun, şəddə, yun şal (parşa), qəlib və digər məmulatlar toxumağı, müxtəlif növ tikmələr tikməyi bacarırdılar. Toxuculuğun inkişafı nəticəsində ailələrin əksəriyyətində toxuculuq alətləri, o cümlədən toxucu dəzgahlar (hana və yer hanası) var idi.

Yay aylarında tayfanın bir çox hissəsi Qırxqız, Dəlidağ və  Sarıbaba yaylaqlarında yaylaqlanır və buna görə də qəlib (keçə) hazırlanmasına daha çox üstünlük verilirdi. Bu qəliblər müxtəlif rənglərdə; qara, boz, sürməyi, qəhvəyi, bəzi hallarda isə  ağ olurdu (ağ qəliblər əsasən varlı və yaxud bacarıqlı ailələrdə toxunardı).

Azərbaycan xalçaçılıq məktəbinin Qarabağ tipinin Cəbrayıl qrupuna aid edilən “Qasımuşağı xalçaları” öz adını məhz bu tayfanın adından almış, ilk dəfə tikmə (“Qasımuşağı tikmələri”) şəkilində hazırlanmış, bir müddət sonra tayfa üzvləri tərəfindən xalçalara köçürülmüşdür.

Sovet dönəmində Azərbaycan SSR-nin  iqtisadi həyatında əsaslı rol oynayaraq, kənd təsərüfatı məhsullarının əsas hissəsinin istehsalında onların xüsusi payı vardı.

Füsunkar təbiəti — sıldırım qayaları, sərt iqlimi, dik yamacları, uca zirvələri, keçilməz bənd-bərələri,  əzəmətli sığınacaqları, bərəkətli torpağı olan Kavanlı, Şəlvə və Qasımuşağı obalarınınnın sakinləri arasında bu yerlərin coğrafi qurluşuna uyğun xarakterli övladları yaşayırdı. Tarixi mənbələrə nəzər salan zaman aydın olur ki, bu yerlərin başı bəlalı, lakin müdrik, qərarlı, cəsur, mərd oğulları döyüşkən olmaqla bərabər gözəl at çapar, tüfəngdən sərrast atəş açardılar.

Qasımuşağı tayfasından 1867-ci ildə Məşədi Abbas İlyas oğlu, Uğurlu Şahverdi oğlu, Həsən Bayram oğlu ətraf kəndlərdə tanınır, çörəkləri, bol süfrələri ilə ad çıxarmışdılar. 1887-ci ildə isə Teymur Qulu oğlu (Temir yüzbaşı), Həsənəli Hüseynəli oğlu üzdə idilər. Xurşidbanu Natəvan tərəfindən Şuşada keçirilən məclis və şənliklərdə tez-tez iştirak edən şair Məmmədalı Alyar oğlu, Zəngəzurda böyük mülkləri olan, bölgədə müdrik kəlamları və öz qoçaqlığı ilə tanınmış bəy — Paşa bəy Sultanov, Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ General Qubernatoru, həkim — Xosrov bəy Sultanov, cəsarəti ilə ad-san qazanmış xalq qəhrəmanı — Sultan bəy Sultanov, Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi — Ələsgər Novruzov,  Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi — Fazil Mehdiyev, Qarabağ müharibəsi iştirakçısı, “İgidliyə görə” medalı ilə təltif edilmiş, Qarabağ müharibəsi şəhidi — Xəqani Axundov, Qarabağ müharibəsi iştirakçısı, şəhid, “Azərbaycan Bayrağı” ordeni kavaleri (1994-cü il) — Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılov, tanınmış filoloq, filologiya üzrə fəlsəfə doktoru — Əli Umud oğlu Əliyev, yer elmləri üzrə fəlsəfə doktoru Fuad Camal oğlu Huseynov, 1970-ci illərdə ədəbiyyata gəlmiş, bir neçə şeirlər kitabının müəllifi, şair — Adil Şirin,  Qarabağ müharibəsi iştirakçısı, bir neçə şeirlər kitabının müəllifi, tanınmış şair  — Bəxtiyar Kavanlı, şeirləri ilə tanınan, bir kitab müəllifi, şair — Sadıq Şükür oğlu Mirzəyev, iki kitab müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair — Rafael Yusifəli oğlu  Hətəmov (Laçınlı) və digərlərini qeyd etmək olar.Sultan Hümbətov 1

Qasımuşağı obasının kəndləri 1992-ci il 29 may tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən  işğal edildikdən sonra Qasımuşağı tayfası Azərbaycan Respublikasının digər rayonlarında müvəqqəti məskunlaşmışdılar. Həmin dövrdən bu günə qədər yurdunda eli görünməyən doğma obalarlımızın sakinləri müxtəlif bölgələrdə pərakəndə halda yaşamağa başladı. Çox təssüflə qeyd etməliyəm ki, bir-biri ilə çətinliklə əlaqə saxlayan tayfa üzvləri arasında olan əlaqələr getdikcə zəifləyir.

Sultan HÜMBƏTOV

Məqalə dərc edilmişdir:  Laçın yurdu – №3(10), 2013-cü il.

Xüsusi qeyd: Bütün məlumatlar müəllif hüquqları ilə qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumatdan internet səhifələrində istifadə edildikdə müvafiq keçidi yerləşdirməyi unutmayın.

 

Advertisements